Yalçın Rəfiyev: “Heç bir ölkə təkbaşına bacarmayacaq” – “The New York Times” Azərbaycanın Xarici İşlər Nazirinin müavini və ölkənin COP29-da baş danışıqçısı Yalçın Rəfiyevin bu sözlərini sitat gətirib. Nəşrin yazdığına görə, Oxfam America qeyri-kommersiya təşkilatı da Yalçın Rəfiyevin mövqeyini dəstəkləyir. Təşkilat, varlı ölkələri iqlim maliyyələşməsinə ildə 1 trilyon dollar ayırmağa çağırır. Lakin ABŞ-ın dəstəyi olmadan bu məqsədə çatmaq çətin görünür.
Oxfam America-nın baş siyasi müşaviri Eşli Tomas, mövcud vəziyyətin çətin olduğunu bildirib: “Aydın məsələdir ki, biz çətin vəziyyətdəyik.”
COP29 konfransında ABŞ-ı təmsil edən nümayəndə heyətinin rəhbəri, Prezidentin iqlim məsələləri üzrə baş müşaviri Con Podesta da pessimistdir. O, “baş verənlərin fonunda” vəziyyətin “katastrofik” olduğunu vurğulayıb. “Baş verənlər” dedikdə isə, Donald Trampın yenidən prezident seçilməsini nəzərdə tutur.
Məlumdur ki, Tramp iqlim maliyyələşməsinə müsbət yanaşmır. Hətta 2017-ci ildə ABŞ-ı Paris İqlim Sazişindən çıxaracağını açıqlamışdı. İkinci prezidentliyi dövründə də bu addımı atacağı gözlənilir, çünki o, “Hər şeydən əvvəl Amerika” şüarı ilə hakimiyyətə gəlib.
Ancaq Prezident Baydenin iqlim məsələləri üzrə milli müşaviri Əli Zahidi, bütün bunlara baxmayaraq, iqlim dəyişiklikləri ilə bağlı beynəlxalq əməkdaşlığın Trampın birinci prezidentliyi dövründən əsasən qorunduğunu bildirib. Zahidi, Dünya Bankı və digər maliyyə təşkilatlarının iqlim dəyişikliyi ilə mübarizə aparan ölkələrə yardımlarını artırdığını və ABŞ-da külək və günəş enerjisi istehsalının genişləndiyini qeyd edib. Eyni zamanda, elektrik stansiyalarının atmosferə atdığı tullantıların həcminin azaldığını, hətta 2020-ci ildə atmosferi zəhərləyən maddələrdən imtina haqqında qanun qəbul edildiyini xatırladıb.
Əli Zahidi bildirib ki, Trampın mövqeyi hər şeyə qərar vermir. Onun istəmədiyi halda belə, ABŞ hələ də iqlim maliyyələşməsində iştirak edə bilər. Bunun əsas səbəbi isə, Konqresdəki qüvvələr nisbətidir.