2024-cü ilin oktyabr ayı ilə bağlı xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının – diplomların tanınması məsələsi ilə bağlı məlumatda bildirilir ki, 665 müraciətdən 540 nəfər barədə müsbət qərar verilib və müvafiq şəhadətnamələr təqdim edilib, 125 nəfərin müraciəti isə mənfi nəticələnib. Bu o deməkdir ki, 4 il təhsil aldığını düşünən 125 tələbə, sonradan öyrənirlər ki, onların diplomu tanınmır. Başqa sözlə, həmin şəxslər uzun müddətini və maddi vəsaitini itirərək, sonradan diplomlarının tanınmaması ilə üzləşirlər.

Təhsil eksperti İlham Əhmədov, Bizimyol.info xəbər portalına verdiyi müsahibədə bu məsələnin təxminən 15 ildir davam etdiyini qeyd edib. O, xaricdə təhsil almış şəxslərin diplomlarının burada tanınması prosesinin əvvəllər müsahibə formatında həyata keçirildiyini, ancaq hazırda bu prosesin imtahan şəklinə salındığını və bunun bir sıra mənfi nəticələrə səbəb olduğunu vurğulayıb.

Ekspertin sözlərinə görə, əsasən Rusiya və Türkiyə universitetlərində təhsil alan tələbələr, ölkəmizin bu iki dövlətlə imzaladığı diplomların qarşılıqlı tanınması haqqında müqavilələrə baxmayaraq, əlavə imtahan verməyə məcbur edilirlər. Hər iki ölkədə diplomlar avtomatik olaraq qarşılıqlı şəkildə tanınır, amma Azərbaycanda bu, əlavə imtahanlarla və sərhəd keçidi ilə bağlı əlavə tələblərlə şərtləndirilir. Bununla yanaşı, distant təhsil alan tələbələrin belə tələblərə cəlb edilməsi düzgün deyil, çünki onlar fiziki olaraq başqa bir ölkəyə getmədən təhsil alırlar. Təhsil alan şəxs xaricdəki universitetə getmək məcburiyyətində qalmır, çünki tədris onlayn və oflayn formatda baş verir.

Əhmədov həmçinin qeyd edib ki, bu gün dünyada işə qəbul edən şirkətlər diplomdan daha çox namizədin real bacarıqlarına diqqət yetirirlər. Lakin Azərbaycanda diplom hələ də çox vacib sayılır və bu, təhsil və işə qəbul sahələrində paradoksal vəziyyətlərə gətirib çıxarır. Təhsil eksperti bu məsələləri ölkəmizin təhsil siyasətinin düzgün müəyyən olunmaması ilə əlaqələndirir. O, həmçinin bildirib ki, əgər ölkəmizin universitetləri daha keyfiyyətli olsa, daha çox tələbə burada təhsil almağa üstünlük verərdi, hətta xaricdən daha çox tələbə bura gələrdi. Bu problemlər yerli və xarici diplomların qarşılıqlı tanınmaması məsələsinin təhsil siyasətindəki boşluqların nəticəsidir.